“GOOGLE” RƏQİBLƏRİNİ NECƏ SIRADAN ÇIXARIB- Avropa Goog-la başağrısı olub?

“GOOGLE” RƏQİBLƏRİNİ NECƏ SIRADAN ÇIXARIB- Avropa Goog-la başağrısı olub? Dünyanın nəhəng şirkətlərindən olan “Google” az qala hər insanın həyatının ayrılmaz parçasıdır. Bir çox ölkələrin hökumətləri şirkətin bütün sahələri inhisara almaq cəhdlərindən şikayətçidirlər

Martın ortalarında Avropa Komissiyası “Google”a 1,49 milyard avroluq cərimə kəsdi. Buna “Google”un Avropa İttifaqının antiinhisar qanunvericiliyinin qaydalarını pozması, eləcə də onlayn reklam bazarındakı vəziyyətdən sui-istifadəyə yol verməsi səbəb olmuşdu. Araşdırma zamanı üzə çıxmışdı ki, şirkət on il ərzində faktiki olaraq tərəfdaş saytları “AdSense” xidmətindən istifadə etməyə məcbur edib. Bundan imtina edən portallar isə axtarış zamanı öz mövqelərini itirməli olublar. Eyni aqibətlə rəqib reklam şirkətləri ilə işləyənlər də üzləşiblər.

Avropa Komissiyası “Google”u iki il əvvəl də cərimələmişdi. Həmin vaxt şirkətə nəhəng cərimə kəsilmişdi – 2,42 milyard avro. Cərimənin səbəbi şirkətin rəqabət qaydalarını pozması idi. Avropa Komissiyası bəyan etmişdi ki, “Google” axtarış sistemindəki üstünlüyündən sui-istifadə edərək onlayn alış-verişlə bağlı müraciət ünvanlayan istifadəçiyə əvvəlcə özünün “Google Shopping” xidmətini təqdim edir.

Ötən ilin mayında şirkətə növbəti cərimə zərbəsi Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyasından gəldi. Qurum elan etdi ki, “Google” Avropa İttifaqında qüvvəyə minmiş fərdi məlumatların mühafizəsi qaydalarının tələblərini pozub və bu səbəbdən 50 milyon avro cərimələnir. Bu cərimənin ardınca növbətisi gəldi. 2018-ci ilin yayında Avropa Komissiyası rəqabət qaydalarını pozduğuna görə “Google”u 4,3 milyard avro cərimələdi. Bir çox ölkələr bərk narazıdır ki, şirkət “Android”in bütün qurğularında öz tətbiqlərini qurmaq istəyir. Cərimə ilə yanaşı, şirkətə öhdəlik də qoyuldu ki, üç ay ərzində mobil xidmətlər üzərindəki monopoliyasını aradan qaldırsın. İstintaqçıların dediyinə görə, şirkətin əməkdaşları smartfon istehsalçılarını məcbur ediblər ki, “Android” əməliyyat sistemində qacetlərinə “Chrome” brauzerini əvvəlcədən quraşdırsınlar. Bu tələbə “yox” demək mümkün deyil. Çünki istehsalçılar “Google”un proqram təminatı olmadan “Android”də bir cihaz qurduqları təqdirdə, bu platformadan istifadə etmək hüququndan avtomatik məhrum olurlar.

On ilə yaxındır ki, “Google” “Oracle”la da məhkəmə çəkişməsindədir. Qarşı tərəfin iddiasına görə, “Android” platfomasının qurulması üçün qanunsuz olaraq “Java” proqramlaşdırmasının dilindən istifadə olunub. “Oracle” ilk iddiasını məhkəməyə 2010-cü ildə təqdim edib. İki il sonra məhkəmə “Google”u qismən təqsirli bildi. Lakin iddiaçının milyardlıq cərimə tələbi rədd edildi. 2014-cü ildə ABŞ Apellyasiya Məhkəməsi “Oracle”ın “Java” üzərində müəlliflik hüququnu tanıdı. Bir neçə il davam edən məhkəmə araşdırmasının sonunda qərar verildi ki, “Google” “Oracle”ın məhsullarını kopyalayıb. Lakin “Google” təslim olmur. Bu ilin yanvarında şirkətin hüquqşünasları Ali Məhkəməyə müraciət edərək “Oracle”a məxsus proqramlaşmanın dilini kopyalamağa icazə verilməsini istəyiblər. Budəfəki çəkişmənin kimin xeyrinə nəticələnəcəyini isə zaman göstərəcək. http://strateq.az

 

Texnologiya   Baxılıb: 1307   Tarix: 2019-04-01



DİGƏR MARAQLI XƏBƏRLƏR