Halal “Səhliyalı” kolbasalarında siçan nəcisi, xərçəng yaradan maddə???

Halal “Səhliyalı” kolbasalarında siçan nəcisi, xərçəng yaradan maddə??? “Yaxınlıqdakı mağazadan sosiska aldım. “1000 bərəkət, halal nemət” şirkətinə məxsus idi, sosiskanın üzərində halal olduğu yazılmışdı. Lakin kəsəndə gördüm ki, içindən siçan nəcisi çıxdı

 

“1000 bərəkət, halal nemət" markasının sahibi “Səhliyalı” şirkətinin digər məhsulunun içərisindən qurd çıxması barədə də məlumat yaddaşlardan silinməyib. Firmanın "Sacüstü sosiskaları" məhsulunu alan istehlakçı facebook sosial şəbəkəsində bu məlumatı paylaşmışdı. Şirkət bunu inkar etsə də, araşdırma aparacağını bildirmişdi. Həmin araşdırmanın nəticəsi isə məlum olmadı.

 Əslində reklamını halal məhsul istehsalı üzərində quran, halal etiketini adında daşıyan“Səhliyalı” şirkətinin məhsulları haqqında məhsullarında həm halallıq, həm də keyfiyyət baxımından şübhə yaradacaq dərəcədə çox şikayətlər zaman - zaman medianın gündəmində öz yer tapmaqdadır. 

Bəs halallıq üçün şərtlər nədir? 2012-ci il avqust ayının 1-dən Azərbaycanda halal standartı tətbiq edilir. Halal ətin necə əldə edilməsi və “halal” termininin necə istifadə olunmasını özündə əks etdirən standartda tələblər qısaca olaraq belədir: 

Heyvanı kəsən şəxs müsəlman olmalıdır;

Heyvanı üzü qibləyə çevirib kəsmək lazımdır;

Kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır;

Heyvanın əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi yolverilməzdir;

Bu qaydalarla kəsilən heyvanın ətinə təbii ki, donuz əti və piyi qatmaq olmaz;

“Səhliyalı” şirkətinin saytında isə kolbasa və sosiskaların hazırlanmasında istifadə edilən ətləri əvvəl Hindistanın “Alana” şirkətindən alırdısa, son vaxtlar “Səhliyalı” Ukraynadan ət idxal edir. İstifadə etdiyi əti yalnız müəssisədə kəsilən heyvanlardan əldə etməsi barədə məlumat isə xeyli şübhəlidir. 1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı olduğunu rəsmi saytında qeyd edən şirkətin özünün məlumatına görə, gün ərzində 5 ton kolbasa istehsal edir. Lakin rəqəmlər kolbasaların yalnız öz təsərrüfatlarından əldə edilən ətdən xammal kimi istifadə edilməsinə şübhə yaradır. Çünki Azərbaycanda 2016-cı ildə cəmi 302.2 ton ət kəsilib, onun 131 tonu mal əti, 75.2 tonu qoyun və keçi, 0.5 tonu donuz, 95.5 tonu toyuq əti olub. Ümumilikdə kəsilmiş əti 365 günə bölsək, ölkə ərazisində gün ərzində 0.8 ton ət kəsilib. Gün ərzində respublikada 0.8 ton ət kəsilirsə, demək şirkətin gün ərzində 5 ton kolbasa istehsal etməsi üçün əlavə mənbəyə ehtiyacı var. Amma hardan? Bax bu vacib sualdır.

Bazardakı kolbasa firmalarının əksəriyyəti əti Hindistan və Braziliyadan idxal edir. Məhsullarının mənşəyi məlum olmadığı kimi dondurulmuş halda olması istifadə tarixini də şübhə altına qoyur.

“Səhliyalı” isə kolbasaları haqqında yalnız müasir avadanlıqlar, ənənəvi resept və ən yaxşı xammaldan istifadə etdiyini deməklə kifayətlənir.

Lakin saytlarında xammalın mənbəyi açıq verilmədiyi kimi, məhsulun üzərində də tərkibi barədə kifayət qədər məlumat yoxdur. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.

Qanunda göstərilir: “...malların (işlərin, xidmətlərin) miqdari, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüququdur...”

Asılılıq və xərçəng

Gizlətdikləri qatqılar qalsın bir yana. Satışdakı məhsulların üzərində qeyd etdikləri maddələr bizim üçün kifayət etdi.

Bunlardan biri E 621 - qlütamat maddəsidir. Bu maddə dad gücləndiricidir. İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur.

E 250 - natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir.

E 250 maddəsi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.

Şirkətə halal sertifikatı verən “AzeSERT HALAL” MMC-nin rəsmisi isə bu maddələrin yalnız dozanı aşdıqda təhlükəli olduğunu və ümumiyyətlə, hər hansı qurum tərəfindən istifadəsinin tam məhdudlaşdırılmadığını dedi:

“Məhsullarda istifadə edilən E 631 bağlı da belə məqamlar var idi, məsələni araşdırdıq. Bu qida əlavələri təbii mənşəli halal istehsal sahəsində istifadə oluna bilər. Həmin maddələrin, qida əlavələrinin istehsal prosesi ilə istehsalçı ölkədə olub araşdırma aparırıq”.

E-631 qida əlavəsi ilə bağlı daha detallı məlumatı Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun saytından http://www.nkpi.az/?page=addread&id=5217 əldə etmək olar.

AZS 731 standartında göstərilib ki, qida əlavələri, dad gücləndiriciləri, mikroorqanizmlərlə bağlı qoyulan tələblərə görə, həmin vasitələr halal mənbələrdən olmalı, istehsal və emal mühiti halal vasitələrlə təmin edilməlidir.

Bu gündəlik keyfiyyətli məhsul istehsalına zəmanət vermir

Şirkətə uyğunluq sertifikatı verən "AzFoodSert" MMC-nin rəhbəri Həmid Tağıyev məhsulun fiziki, kimyəvi və mikrobioloji analizlərini apardıqlarını dedi:

“Sertifikat bir il müddətində verilir. Bu vaxta qədər sertifikat verilərkən müəyyən uyğunsuzluqlar olub və onlar da aradan qaldırılıb. 6 aydan bir nəzarət edirik”.

H.Tağıyev E-250, E-621 adlı qida əlavələrin olmasının uyğunluq sertifikatı verməyə mane olmadığını dedi:

“Bu maddələr qida əlavələridir. Bunlar yalnız miqdarı aşıldıqda təhlükəli ola bilər”.

O, 6 ayda bir dəfə yoxlanışın gündəlik keyfiyyətli məhsul istehsalına zəmanət verməməsi ilə bağlı fikirlərlə də razılaşdığını etiraf etdi:

“Lakin həmin şirkətdə gündəlik yoxlama aparan daxili laboratoriya var. Onlar da məhsulun gündəlik laborator nəticələrini bizə göndərirlər”.

Bu məqamda bir detala xüsusi diqqət çəkməliyik. Keyfiyyətsiz məhsul istehsal edən hansı şirkət ona sertifikat verən bir quruma mallarının yararsızlığı barədə məlumat verər? Buna Azərbaycanda kimsə inanarmı?

Ancaq H.Tağıyev dedi ki, şirkətin öz məhsulunun keyfiyyətini sual altına salacaq yola əl atacağına inanmır.

Qəribədir ki, halallıq sertifikatı verən şirkət “Səhliyalı”nın xammalı həm yerli, həm də xaricdən idxal hesabına təmin etdiyini desə də, uyğunluq sertifikatı verən "AzFoodSert" MMC-nin rəhbəri yalnız yerli ətlərdən istifadə edildiyini bildirir. Məlumatlarda yenə uyğunsuzluq var.

Araşdırmamızdan da aydın oldu ki, halallıq təkcə heyvanın başının qibləyə tutulub kəsilməsi deyil. Halallıq həm də o heyvanın ətinin təmiz yerdə saxlanılması, kiflənməməsi, içindən həşəratın çıxmaması və s. deməkdir. Axı bunların əksini etmək alıcını aldatmaq, qazanca haram qatmaqdı. Haram qazancla halal məhsul istehsal etmək olarmı? Məhsulun içindən həşərat çıxacaqsa, heyvanın üzü qibləyə tutulub kəsilməsinin nə mənası var?

İkinci məqam isə budur ki, ildə bir dəfə, ya da altı aydan bir verilən halallıq və ya gigiyenik sertifikat həmin məhsulun ilin bütün günlərində halal və gigiyenik olması mənasını vermir. Axı hər gün sertifikatı verən qurum şirkətin başının üstündə durub heyvanın üzü qibləyə kəsilməsinə, sağlam olmasına nəzarət etmir. Yəni məsələ qalıb şirkətin insafına.

Onlayn nəzarət olmalıdır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu il ərzində yazılı olmasa da, şifahi şəkildə hər həftə kolbasaların keyfiyyəti ilə bağlı şikayətlər aldıqlarını dedi:

“Müraciətlər arasında kolbasa və sosislərin qiymətinin ətdən ucuz olmasının səbəbi barədə narahatlıqlar üstünlük təşkil edir. Standartlara uyğun hazırlanan kolbasa və sosislərin ucuz olmasının səbəbi xarici ölkədən ucuz ət idxalı ilə bağlıdır. Bu ət əsasən Hindistandan gətirilir ki, onun da kilorqamı 3 manata başa gəlir. Bundan əlavə, heyvanların sub-produktları - baş, dil ətindən, eyni zamanda toyuq ətindən istifadə edildiyinə görə ucuz başa gəlir”.

E.Hüseynov bildirdi ki, kolbasanın üzərində tərkibin tam formada göstərilməməsi qanunvericiliyin açıq-aşkar pozulmasıdır:

“Bu həm qanun pozuntusu, həm də istehlakçıdan məlumatın gizlədilməsidir. “Yeyinti məhsulları haqqında” qanuna görə, məhsulun tərkibindəki bütün inqridientlər, kalori göstərilməlidir. Məhsulun üzərində istehlakçının əlaqə saxlaya biləcəyi telefon nömrəsi qeyd edilməlidir”.

Halal məsələsinə gəldikdə, E.Hüseynov uzun illər ölkədə akreditasiya olunmadan bu cür sertifikat verən şirkətlərin fəaliyyət göstərdiyini dedi:

“Onlar pul müqabilində şirkətlərə halallıq sertifikatı verirdi. Biz uzun müddət həmin qurumlarla mübarizə apardıq. Son 2 ildir “AzeSERT HALAL” MMC öz laboratoriyasında kolbasaların tərkibində donuz ətinin miqdarını müəyyən edə bilir. Azad İstehlakçılar Birliyinin ictimai nəzarəti altında müəssisələrə halal sertifikatı verilir. Xammalı xaricdən idxal edilən müəssisələrdə, həmçinin həmin ölkələrdə monitorinq aparıb, ətin keyfiyyətinə nəzarət etmişik. İndi isə həmin müəssisələrdə onlayn nəzarət sistemi qurulması üzərində iş aparırıq. Yalnız bu zaman məhsulun mənbəyindən süfrəyə gələnə qədər nəzarət edilə bilər”.


Şirkətin təkcə məhsulları deyil, bir müddət əvvəl kolbasaların halallığına insanları inandırmaq üçün çəkdiyi reklam çarxı da tənqid hədəfinə çevrilmişdi. Əsas irad isə bu formada idi:

“Reklamda “qəhrəman”ın piyadanın həyatını təhlükəyə ataraq piyada keçidi olmayan yerdən keçirməsinə görə qazandığı savabla halal kolbasa yeməsinin nə qədər əlaqəsi varsa, “1000 bərəkət, halal nemət”in də halal və keyfiyyətlə bir o qədər əlaqəsi var.

 

Keyfiyyət   Baxılıb: 1835   Tarix: 2018-05-27



DİGƏR MARAQLI XƏBƏRLƏR