Qaçqınların yataqxanasındakı yanğınların müəmmalı tərəfləri - TƏXRİBAT İDDİASI

Qaçqınların yataqxanasındakı yanğınların müəmmalı tərəfləri - TƏXRİBAT İDDİASI “Qaçqınkom” sədri məcburi köçkünlərin yataqxanalarının qəsdən yandırıldığını və buna dair ekspertiza rəyi olduğunu açıqladı.

Aprelin 10-da Bakıda, Babək prospektində - “Azərsutikinti” Xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib və alov söndürülüb. Yanğın binanın damında meydana gəlib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın baş verən yataqxanaya gəlib. Musavat.com xəbər verir ki, sədr məcburi köçkünlərlə görüş keçirib. Məcburi köçkünlər isə etiraz edərək bildiriblər ki, onlara şər atırlar: “Bizə deyirlər ki, binanı özünüz yandırmısız. Biz dəliyik ki, bir çıxışı olan binanı yandıraq? Bizə ev verilsin”.

Baş nazirin müavini Əli Əhmədov da yanğın baş verən yataqxanaya gəlib. Daha sonra jurnalistlərə açıqlama verərək bildirib ki, ilk olaraq ailələrin yerləşdirilməsi istiqamətində işlər aparmaq lazımdır: “Azərbaycan hökuməti məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür. Srağagün böyük bir yaşayış massivinin açılışı oldu və insanlar növbə ilə köçürüləcək. Binalara birinci növbədə daha ağır şəraitdə yaşayan vətəndaşlar köçürüləcək. Bu, həm də ədalətli, məntiqli yoldur. Bir günün içində hamını mənzillə təmin edə bilmərik. Bir məsələni də vurğulamaq istəyirəm ki, artıq bir neçə ay ərzində məcburi köçkünlərin məskunlaşdığı 5-ci binadır ki, yanğın hadisəsi baş verib. Təbii ki, mən bununla nəsə deməyə çalışmıram. Hələ araşdırma aparılacaq, nəsə demək üçün çox tezdir.

Heç kim narahat olmasın. Hazırda mənzilə ehtiyacı olan məcburi köçkünlərin sayı da çoxdur. 100 minlərlə rəqəmlərlə ölçülür və bütün bunların hamısını həll etmək üçün zaman lazımdır. Yaxın bir neçə il ərzində problemin əhəmiyyətli dərəcədə kəskinliyini azaltmaq niyyətindəyik. Amma bundan ötrü on minlərlə yeni mənzil tikilməlidir. Bunlar asan işlər deyil və zaman tələb edir ki, Azərbaycan hökuməti bunları ardıcıl şəkildə həyata keçirə bilsin”.

“Martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib”. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi başlanıb: “Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.

Nə baş verir? Azərbaycanda qaçqın yataqxanalarını kim və ya kimlər yandırır? 2019-cu il başlayandan ölkədə bir-birini əvəzləyən yanğınlar kimlərin maraqlarına uyğundur? Binaların damında yanğınları kim törədir? 

Yanğınların qəsdən törədilməsi ehtimalları dövlət məmuru Rövşən Rzayevin açıqlamasına qədər də dolaşırdı. Lakin bu ehtimallarını doğruluğunu ortaya qoyan konkret rəsmi açıqlama yox idi. İndi isə belə aydın olur ki, artıq yanğının qəsdən törədilməsi haqda ekspertiza rəyi də var! Rövşən Rzayev binanın kimin tərəfindən yandırılmasını açıqlamasa da, yanğının sakinlərdən biri tərəfindən törədilməsi haqda xəbərlər dolaşır. İddialara görə, binanı yandırmaqla sakinlərin digər ünvana, daha uyğun şəraitli binaya köçürülməsinə nail olmaq istəyirlər. 

http://musavat.com

Gündəm   Baxılıb: 1103   Tarix: 2019-04-11



DİGƏR MARAQLI XƏBƏRLƏR